Bizim üçün “Ana harayı”nı hazırlamaq o qədər də asan olmadı - Mahmud Rüstəmov

13:11 25.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu il ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqrımının 29-cu ildönümü tamam olur. Qeyd edək ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq Bakı şəhərində ucaldılmış “Ana harayı” abidəsini hər il dövlət rəsmiləri ilə yanaşı, minlərlə insan ziyarət edir.

Məlumat üçün bildirək ki, paytaxtın Xətai rayonunda, “Xətai” metro stansiyası yaxınlığında ucaldılmış abidənin layihə rəhbəri memar Camal Rəşid Əlizadə, müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır. Xocalı soyqırımının ildönümü ərəfəsində “Həftə içi” qəzetinin müsahibi abidənin həmmüəlliflərindən biri Mahmud Rüstəmovdur.

- Mahmud müəllim, Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsindəyik. Sizin işlərinizdən biri atanız və qardaşınızla birlikdə Xocalı faciəsinə həsr etdiyiniz "Ana fəryadı"dır. Bu abidənin necə yaranması haqqında danışmağınızı xahiş edirik…

- Hazırda metronun "Xətai" stansiyası yaxınlığındakı həmin abidənin yerində əvvəl başqa abidə var idi. Yəni, Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın heykəli ucaldılmışdı. O əsər, deyəsən, bəyənilməmişdi. Belə hesab edilirdi ki, əsər tələsik hazırlanıb və həmin dəhşətli hadisələr tam əks etdirilməyib. Bu üzdən abidənin daha fundamental və əzəmətli abidə ilə əvəzlənməsi qərara alındı.

Bununla bağlı 2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün müsabiqə elan edildi. Biz də – atam, qardaşım və mən bu müsabiqəyə qatılmaq qərarına gəldik və təqdim etdiyimiz layihə qalib seçildi. Beləliklə, yeni heykəlin hazırlanması bizə həvalə olundu.

- Bu işin üzərində nə qədər çalışdınız?

- Təxminən 6-7 ay işlədik. Qara qranit və tuncdan hazırlanmış yeni abidə əvvəlkindən ölçüsünə görə xeyli fərqlənir. Məsələn, köhnə abidənin hündürlüyü 4 metr idisə, indiki abidə postamenti ilə birlikdə, təxminən, 9 metrdir. Heykəlin hündürlüyü isə 3,2 m.-dir. Heykəldə evdən gecə köynəyində qaçmağa məcbur olmuş və əlindəki ölmüş körpəni ürəyinə sıxmış ana təsvir olunub. Abidənin pyedstalındakı lövhəciklər də faciə haqqında Azərbaycan və ingilis dillərində qısa informasiya verilir: "26 fevral, 1992-ci il. Xocalıda soyqırımı". Bundan başqa, postamentə Azərbaycan xalqının faciəsini əks etdirən 3 barelyef, həmçinin Xocalıda qətlə yetirilmiş 613 dinc sakinin adlarını da əlavə etmişik.

- Xocalı faciəsi kimi bir hadisəyə əsər yaratmaq çətin olmadı ki?

- Bizim əl işlərimiz çoxdur, dünyanın müxtəlif ölkələrində sərgilənir. Etiraf edim ki, bu işi hazırlamaq o qədər də asan olmadı. Düzdür, Xətai Rayon İcra Hakimiyyətindən sifariş veriləndə bunun nə qədər ağır və məsuliyyətli iş olduğunu anlayırdıq. Atam Aslan Rüstəmov, qardaşım Teymur və mən eskiz hazırladıq. Çox müzakirələrdən sonra onlardan biri qəbul edildi və bunun üzərində işə başladıq. Təbii ki, bunu işləmək asan deyildi. Bununla bağlı çoxlu şəkil, videolar gəlirdi. Onların əksəriyyətinə baxmaq mümkün deyildi, şəkillər ürəyimizi

parça-parça edirdi. Onlara ürəkağrısı ilə baxırdıq. Şəkillərə baxanda düşünürdük ki, bunu törədən insan ola bilməz. Faciəni törədən ermənilər üçün “faşist” sözü də zəif səslənir. Həmin şəkillərdə vəhşiliyin, vandallığın ən ağır formaları əks olunmuşdu. Böyük ağrıdır, çox ağır tarixdir. Bütün bunlara baxmayaraq  üzərimizə götürdüyümüz işin məsuliyyətini çox yaxşı dərk edirdik. Kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri hərtərəfli əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı.

- İlk işinizi necə, xatırlayırsınızmı? O, nədən ibarət idi?

- Həmin şəkli atam hələ də emalatxanasında saxlayır. Onda 4 yaşım var idi və kağız üzərində insan çəkməyə çalışmışdım. Atam da mənim və qardaşımın uşaqlıqda çəkdiyimiz çoxlu sayda şəkil  var. İndi atamın 88 yaşı var və eyni sevgi ilə nəvələrinin "əsərlərini" toplayır. İlk heykəltəraşlıq əsərim isə diplom işim - "Za ratustra" eskizi olub: sonradan onu İçərişəhər aldı.

- Azərbaycanın işğal altındakı torpaqları düşmən tapdağından azad olunub və hazırda həmin ərazilərdə quruculuq işləri görülür. Sizcə, işğaldan azad olunmuş ərazilərlə bağlı hansısa layihə üçün sifariş gəlibmi?

- Hələ ki, heç bir sifariş yoxdur. Açığını desəm, sifariş gözləyirik. Atamın 88 yaşı olmasına baxmayaraq, o da bizimlə bərabər emalatxanada çalışır. Ən böyük arzumuz isə məhz Xocalı şəhərində Xocalı soyqrımı ilə bağlı abidə hazırlamaqdır. Bir aya yaxındır ki, bu işin üzərində işləyirəm, layihənin bəzi detallarını da konkretləşdirmişəm.

- Detalları açıqlamanız mümkündürmü?

- İndi yox, hələ ki, sirrdir, bu, yaradıcı işdir. Ola bilər ki, sonradan hansısa dəyişikliklər olsun.